Tibbi yazı
Tualetdə telefon və kitab: niyə tərk etməli?
Tualetdə telefona baxmaq, kitab oxumaq çoxları üçün adi vərdişdir. Amma unitazda uzun oturmaq anal nahiyənin damarlarına təzyiqi artırır və babasilin risk amillərindən biridir.
Niyə zərərlidir?
Unitazda oturarkən anal kanalın damar yumaqları aşağıya doğru sıxılır və qanla dolur. Bu vəziyyət nə qədər uzun sürərsə, damarlara təzyiq bir o qədər artır. Telefonla vaxt keçirən insan çox vaxt fərqinə varmadan gücənir. Uzunmüddətli qəbizlik, hamiləlik və gücənmə ilə birlikdə bu vərdiş babasilin yaranmasına və şiddətlənməsinə zəmin yarada bilər.
Düzgün tualet vərdişi
- Tualetə yalnız istək olduqda gedin və istəyi gecikdirməyin.
- Tualetdə 3–5 dəqiqədən artıq oturmayın.
- Telefonu və kitabı tualetə aparmayın.
- Gücənməyin. Defekasiya olmursa, qalxın və sonra yenidən cəhd edin.
- Ayaqlarınızın altına kiçik kürsü qoyun.
- Lifli qidalanın və kifayət qədər su için.
Bu sadə vərdişlər babasilin, anal çatın və qəbizliyin qarşısını almağa kömək edir.